Voleybol

Azərbaycan Superliqası: "Azəryol"dan asan qələbə, "Lokomotiv" liderliyə yüksəldi

Qadın voleybolçuların Azərbaycan Superliqasında VIII tura yekun vurulub.

Turun açılış matçında ikinci pillədə qərarlaşan "Lokomotiv" "Telekom"un qonağı olub. "Rabitə"nin bu tur istirahət edəcəyini nəzərə alsaq, "Lokomotiv"in lider olmaq şansları kifayət qədər çox idi.

Paytaxt təmsilçisi üzərinə düşən tapşırığın öhdəsindən lazımınca gəlib. "Lokomotiv" rəqibini asanlıqla məğlub edərək birinci pilləyə yüksəlib.

"Telekom" - "Lokomotiv" 0-3 (19-25, 15-25, 22-25)

Gənclik Olimpiya Kompleksi

Günün ikinci oyununda isə "Azəryol" turnir cədvəlinin sonuncusu "Azərreyl"lə qarşılaşıb. Nominal qonaqlar qarşılaşmanın favoriti hesab olunurdular. Görüş elə gözlənildiyi kimi, "Azəryol"un üstünlüyü şəraitində keçib. "Azərreyl" rəqibindən bir set belə ala bilməyib.

"Azərreyl" - "Azəryol" 0-3 (20-25, 16-25, 15-25)

Voleybol Mərkəzi

VIII turdan sonra turnir cədvəlinə aktivində 17 xalı olan "Lokomotiv" başçılıq edir. İkinci pillədə qərarlaşan "Rabitə" liderdən 2 xal geri qalır.