Voleybol

Avropa çempionatında qrup mərhələsi başa çatdı

Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsi başa çatıb.

Dsport.az xəbər verir ki, AÇ-2017-nin qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçirilən 3 oyunla yekun vurulub. A qrupunda yer alan Azərbaycan millisi Almaniyanı sınağa çəkib. İlk 2 görüşdə Macarıstan və Polşaya set vermədən qalib gələn Faiq Qarayevin yetirmələri bu dəfə də qalib gəlib. Lakin bu dəfə qızlarımız setlərdən birini məğlub başa vurublar. Buna baxmayaraq, komandamız Almaniya üzərində qələbə ilə 1/4 finala vəsiqə qazanıb.

C qrupunda isə 2 oyun olub. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gəlib. Rusiya çətin qələbə sayəsində qrup lideri kimi birbaşa 1/4 final mərhələsinə yüksəlub. Bu qrupun digər oyununda isə ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşıb. Rusiya və Bolqarıstana minimal fərqlə uduzduğu üçün Ukraynanın 2 xalı var. Türkiyə isə cəmi 1 xala malik idi. Bu üzdən də “Ay-ulduzlular” qrup 3-cüsü kimi pley-offa çıxmaq üçün mütləq qalib gəlməli idilər. Gərgin keçən görüşün sonunda qələbəni məhz qardaş ölkə təmsilçisi bayram edib və pley-ofa yüksəlib.

Avropa çempionatı
Qrup mərhələsi
25 sentyabr

A qrupu

Almaniya - Azərbaycan 1:3 (25:19, 19:25, 18:25, 18–25)

Azərbaycan - 9, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.

C qrupu

Rusiya – Bolqarıstan 3:2 (21:25, 25:20, 23:25, 25:21, 15:13)

Türkiyə - Ukrayna 3:1 (25:20, 25:19, 20:25, 25:23)

Rusiya - 7, Bolqarıstan - 5, Türkiyə - 4, Ukrayna - 2.

Beləliklə, qrup mərhələsinin nəticələrinə əsasən, Azərbaycan, İtaliya, Rusiya və Serbiya qrup qalibi kimi birbaşa 1/4 finala yüksəlib. 1/4 finalın digər 4 iştirakçısının adına isə pley-off oyunlarında aydınlıq gələcək. 

Pley-offda bu komandalar qarşılaşacaqlar: 

26 sentyabr
Belarus – Çexiya
Hollandiya – Xorvatiya
27 sentyabr
Polşa – Türkiyə
Bolqarıstan - Almaniya

Belçika, Macarıstan, Gürcüstan və Ukrayna yığmaları isə qruplarında sonuncu yeri tutaraq qitə birinciliyi ilə erkən vidalaşıb.