Çempionlar Liqası

“Qarabağ”ın ÇL qazancı bəlli oldu

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.

Dsport.az xəbər verir ki, Ağdam klubunun 2018/19 mövsümündə avrokuboklarda iştiraka görə əldə edəcəyi mükafatın məbləği müəyyənləşib. Çempionlar Liqasında 1, 2 və 3-cü təsnifat mərhələsinin iştirakçısı olan “köhlən atlar”a müvafiq olaraq, 280, 380 və 480 min avro ödəniləcək. 

ÇL-in 3-cü mərhələsində iki oyunun nəticəsinə əsasən Belarusun BATE komandasına uduzan “Qarabağ” Avropa Liqasının pley-off mərhələsindəki iştiraka görə daha 300 min avro qazanacaq. Bu isə ümumilikdə 1 milyon 440 min avro deməkdi.

“Qarabağ”ın Avropa Liqasında büdcəsini daha da zənginləşdirmək imkanı var. Ağdam təmsilçisi qrup mərhələsinə vəsiqə qazanarsa, 2 milyon 620 min avro əldə edəcək.

Qrup mərhələsində hər qələbəyə 570 min avro, heç-heçəyə 190 min avro veriləcək. İstifadə olunmamış vəsaitlər (hər heç-heçə üçün 190 min avro) toplanacaq və qrup mərhələsində çıxış etmiş klublar arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri 1 milyon avro, ikinci yerin sahibləri isə 500 min avro əldə edəcək.

Qrupdan pley-off mərhələsinə yüksələcək klublar üçün ödənişlərə gəlincə, 1/16 finalçılar 500 min avro, 1/8 finalçılar 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar isə 4,5 milyon avro alacaq. Qalibə isə 4 milyon avro ödəniləcək.

UEFA ÇL-in və Avropa Liqasının qrupuna düşə bilməyən ölkə çempionlarına əlavə olaraq, 260 min avro da verəcək. Yəni “Qarabağ” pley-offda “Şerif” (Moldova) - “Valyur” (İslandiya) cütünün qalibini keçə bilməsə, mövsümü 1 milyon 700 min avro qazancla başa vuracaq.