Çempionlar Liqası

“Qarabağ” BATE səddini keçə bilmədi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubu ilə mübarizə aparırdı.

“Qarabağ” bu rəqibinə qarşı Bakıda keçirdiyi ilk oyunda 0:1 hesabıyla uduzmuşdu. Bu üzdən də Ağdam klubu mərhələ adlamaq üçün səfərdə mütləq qələbə qazanmalıydı. Komandamıza hətta 2:1 hesablı qələbə də bəs edirdi.

Cavab görüşündə də hesabı Belarus təmsilçisi açıb. Amma "Qarabağ" bərabərlik qolunu vurmağı bacarıb. Daha bir qol vurmaqla mərhələ adlamağa çalışan Ağdam klubu matçın sonlarında azlıqda qalıb. Qarşılaşma isə heç-heçə yekunlaşdığından, Azərbaycan çempionu ÇL-də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, BATE ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə üz-üzə gələcək. "Qarabağ" isə Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valyur" (İslandiya) cütünün qalibi ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu

14 avqust

BATE - Qarabağ 1:1
Qol: M.İvaniç, 20 - Miçel, 54.
Qırmızı vərəqə: İ.Emeqara, 77.
İlk oyun – 1:0.
Hakimlər: Andris Treymanis, Harald Qudermanis, Aleksey Spasyonņikov, Aleksandr Qolubev (Hamısı Latviyada).
Borisov. “Borisov Arena”.

BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa, 42. Maksim Volodko.
Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skaviş, 23. Zaxar Volkov, 24. Yasse Tuominen, 62. Mixail Qordeyçuk.
Baş məşqçi: Aleksey Baqa.
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.