Çempionlar Liqası

Aleksey Baqa: “Psixoloji və strateji baxımdan üstünlük bizdə olacaq”

Belarusun BATE klubunun baş məşqçsi Aleksey Baqa UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

Dsport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Bakıda 30 min azarkeş önündə oynayan “Qarabağ”la səfərdəki komanda fərqli olacaq. Bu üzdən də biz rəqibin hər cür oyun variantlarına hazır olmalıyıq. Hər şeyin necə olacağını matç göstərəcək. Azərbaycan komandasının Sloveniya və Albaniyadakı oyunlarını da görmüşük. Sabah çox ağır oyun olacağına şübhə etmirəm. Amma yəqin ki, psixoloji və strateji baxımdan kiçik üstünlük bizim tərəfimizdə olacaq. 

- Prioritetiniz var – qol vurmaq və ya top buraxmamaq?
- Həm qol vurmaq, həm də top buraxmamaq lazımdı. Bu, ideal olardı.

- Hər kəs bu oyun öncəsi sıradadı?
- Slobodan Simoviç və Nikola Vasilyeviç ciddi zədədən sonra fərdi proqramla hazırlaşır. Qalanları oyuna hazırlaşır. Əlbəttə, səfərdə çox çətin oyun keçirdik. Ona görə də bəzi futbolçularda xırda xəsarətlər var. Lakin bu, uşaqların oynamasına mane olmayacaq.

- Mixail Qordeyçukun durumuna daha ətraflı aydınlıq gətirə bilərsiniz?
- Əslində, onunla bağlı vəziyyət aydındı. İnanın ki, burada heç bir sirr yoxdu. Hazırda o, məşq edir, forma yığmağa çalışır. Zədə ona məşq etməyə imkan versə də, ağrıları var. Məhz bu səbəbdən, ona yüz faiz ümid edə bilmərik. Qordeyçuk qəhrəmanlıq göstərib həkimlərin icazəsi ilə meydana çıxa bilər. Amma biz insanın sağlamlığı ilə risk edə bilmərik. Çünki onun karyerası hələ qarşıdadı.

- “Qarabağ”ın matçın startında güclü təzyiqini gözləyirsinizmi?
- Hər şey gözləmək olar. Rəqibə qol vurmaq lazımdı. Ustalıq baxımından təcrübəli, güclü legionerlərdən təşkil olunmuş hücum xəttinə malik komandaya qarşı oynayırıq.

- Transfer pəncərəsi hələ açıqdı. Yeni oyunçu almağı düşünürsüz?
- Bəli, bu yöndə işlər davam edir. Bu gün “Qarabağ”la oyunu müzakirə edək. Sabah hər şey qaydasında getsə, təxminən bir sutka sonra sizinlə yeni oyunçular barədə danışarıq.