Çempionlar Liqası

Di Françesko: “Verilməyən “qırmızı” və penaltilər nəticəni dəyişə bilərdi”

İtaliyanın “Roma” klubunun baş məşqçisi Eusebio Di Françesko UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” klubuna qarşı keçirdikləri cavab matçını şərh edib.

Dsport.az xəbər verir ki, “canavarlar”ın çalışdırıcısı 4:2 hesabıyla qalib gəldikləri matçdan (ilk oyun 2:5) sonra bunları söyləyib:

“Matça çox pis start verdik. Bu, məni çox məyus etdi. Buna bir reaksiya verməyimiz lazım idi. İkinci yarıda isə mükəmməl bir oyun ortaya qoyduq”.

İtaliyalı mütəxəssis hakimlikdən şikayətçki olduğunu gizlətməyib. O, bu görüşdəki hakim səhvləri ilə bağlı narazılığını belə ifadə edib:

“Klubumuza zərər verməmək üçün UEFA haqqında danışmaq istəmirəm. Amma içimdə çox böyük hirs və peşmanlıq var. Sadəcə, hazırda çatmaq istədiyimiz başqa hədəflər var. Enerjimi ona xərcləməliyəm. Verilməyən qırmızı vərəqə və penaltilər var. Bunlar nəticəni dəyişdirə bilərdi. Ancaq biz də səhvlərə yol verdik”.

“Canavarlar”ın çalışdırıcısı bildirib ki, komandası daha böyük uğurlar əldə etməyə qadirdi: “Roma”nın önümüzdəki mövsümdə də ÇL-də olması lazımdı. A Seriyasındakı durumumuzu mütləq nəzarət altında saxlamalıyıq. Nələr edə biləcəyimizi isbatladıq. Amma bundan da yaxşısına nail ola bilərik”.