Çempionlar Liqası

“Liverpul”un hücum triosundan ÇL rekordu

11 illik fasilədən sonra UEFA Çempionlar Liqasının finalına yüksələn İngiltərənin “Liverpul” klubunun hücum xətti öz məhsuldarlığı ilə bu turnirin tarixinə düşüb.

Dsport.az xəbər verir ki, yarımfinalda “Roma”dan üstün olan və finalda Madrid “Real”ı ilə qarşılaşmaq hüququ qazanan “qırmızılar”ın hücum triosu - Roberto Firmino, Məhəmməd Salah və Sadio Mane yeni rekorda imza atıblar. Belə ki, İtaliya paytaxtında Manenin vurduğu qol bu trionun ÇL-də rəqib qapılarından keçirdiyi 29-cu top olub. Bu isə qitənin ən nüfuzlu klub turnirində yeni göstəricidi.

Bundan əvvəlki rekord ÇL-in 2013/14 mövsümündə “Real”ın üç hücumçusu - Kristiano Ronaldo-Qaret Beyl-Kərim Benzema triosuna aid idi. Onlar həmin mövsümdə birlikdə 28 qola imza atmışdılar. 

Qeyd edək ki, Salahla Firmino bu mövsüm ÇL-də hərəyə 10 qol vurubsa, Mane 9 dəfə fərqlənib.