Çempionlar Liqası

“Real” və “Bavariya” da ÇL-in yarımfinalında!

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

İspaniya çempionu “Real” doğma meydanda İtaliyanın ən güclüsü “Yuventus”la qarşılaşıb. Səfərdə 3 cavabsız qolla qalib gəlmiş Madrid təmsilçisinin cavab görüşündə bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Amma bir gün öncə "Roma"nın "Barselona" ilə oyundakı möhtəşəm geridönüşündən ilhamlanan İtaliya çempionu da səfərdə çox böyük sürprizə imza atıb. Belə ki, evdə buraxdığı qolların hamısının əvəzini çıxan Turin klubu növbəti möcüzəni gerçəkləşdirməyə çox yaxın olub. Lakin əlavə olunmuş vaxtın son saniyələrində gözlənilmədən "Real" penalti qazanıb və Canluici Buffon meydandan qovulub. Bu şansı boşa verməyən Kristiano Ronaldo komandasını yarımfinala daşıyıb.

Almaniya çempionu “Bavariya” isə doğma meydanda İspaniyanın “Sevilya” klubunu qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn Münhen təmsilçisi yarımfinala çıxmağa daha şanslı hesab olunurdu. Cavab görüşündə qapılara qol vurulmayıb və Münhen təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, ilk oyun günündə İtaliyanın “Roma” və İngiltərənin “Liverpul” klubları yarımfinala vəsiqəni təmin etmişdi.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
11 aprel

“Real” - “Yuventus” 1:3
Qol: Kristiano Ronaldo, 90+8-pen - Mario Mandzukiç, 2; 37. Blez Matuidi, 61.
Qırmızı vərəqə: Canluici Buffon, 90+3.
İlk oyun - 3:0

“Bavariya” - “Sevilya” 0:0
Qırmızı vərəqə: Xoakin Korrea, 90.
İlk oyun – 2:1