Çempionlar Liqası

“Yuventus” Mandjukiçi, “Tottenhem” Alderveyreldi itirdi

İtaliya çempionu “Yuventus” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Tottenhem” klubuna qarşı keçirəcəyi cavab oyununa ciddi itki ilə çıxacaq.

Dsport.az xəbər verir ki, Turin təmsilçisi xorvatiyalı hücumçu Mario Mandjukiçin xidmətindən məhrum olub. Zədəli olan futbolçunun “Uembli”də meydana çıxmayacağı artıq dəqiqdi. Bu səbəbdən onun adı hətta qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Maraqlıdı ki, “Tottenhem” də bu oyun öncəsi aparıcı futbolçularından birini itirib. Söhbət müdafiəçi Tobi Alderveyrelddən gedir. Belçikalı futbolçu da “Yuventus”a qarşı oynamayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Tottenhem” – “Yuventus” qarşılaşması bu gün keçiriləcək və saat 23:45-də start götürəcək. Bu komandalar arasında Turində keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2.