Çempionlar Liqası

“Beşiktaş” darmadağın oldu, “erkən final”da qalib müəyyənləşmədi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir.

Dsport.az xəbər verir ki, bu gün mərhələnin daha iki oyunu baş tutub.

Almaniyanın "Bavariya" klubu doğma meydanda Türkiyə çempionu "Beşiktaş"ı qəbul edib. İstanbul təmsilçisi tarixi ərzində ilk dəfə 1/8 finala vəsiqə qazanıb. Şenol Günəşin yetirmələri qrup mərhələsini ilk sırada tamamlasa da, kor püşk türklərin qarşısına turnirin favoritlərindən olan "Bavariya"nı çıxarıb. Münhen təmsilçisinin Bundesliqada işləri qaydasında gedir. Ölkə çempionatında lider olan Yupp Haynkesin yetirmələri ən yaxın izləyicisi olan "Borussiya"nı (Dortmund) 19 xal qabaqlayır. "Beşiktaş" isə Super Liqada 4-cü pillədə qərarlaşıb. Münhendə keçirilən oyundan öncə "qartallar"ın şansları aşağı dəyərləndirilsə də, türklər çətin səfər matçından sərfəli nəticə ilə qayıtmaq niyyətindəydi. Amma matçın əvvəlindəcə Domaqoy Vidanın qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması Türkiyə təmsilçisini daha da çətinə salıb. Nəticədə, Münhen klubu bu oyunda 5 cavabsız qolla qalib gəlib.

Günün digər oyununda "Çelsi" "Barselona"nı qəbul edib. Turinirin iki favoritinin oyununu erkən final da adlandırmaq olar. "Barselona"nın La Liqada işləri yaxşı gedir. "Çelsi" isə Premyer Liqada lider "Mançester Siti"dən bir xeyli geri düşüb. Nəhənglərin "Stemford Bric"dəki dueli maraqla gözlənilirdi. "Barsa" London səfərindən yaxşı nəticə ilə qayıtmaqla uğurlu seriyasını davam etdirmək istəyirdi. "Zadəganlar" isə doğma azarkeşləri önündə keçirilən matçdan sərfəli nəticə ilə ayrılmaq niyyətindəydi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma qonaqlar buraxılan qolun əvəzini çıxmağı və səfərdən heç-heçə ilə qayıtmağı bacarıblar. 

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları

20 fevral

Çelsi (İngiltərə) - Barselona (İspaniya) 1:1
Qol: Villian, 62 - Lionel Messi, 75.

Bavariya (Almaniya) - Beşiktaş (Türkiyə) 5:0
Qol: Tomas Müller, 43; 66. Kinqsli Koman, 53. Robert Levandovski, 79; 88.
Qırmızı vərəqə: Domaqoy Vida, 16.