Çempionlar Liqası

“Real” və Ronaldodan rekordlar

İspaniyanın “Real” klubu və komandanın lideri Kriştiano Ronaldo UEFA Çempionlar Liqasının tarixində bir sıra rekordlara imza atıb. 

Dsport.az xəbər verir ki, Madrid klubunun səfərdə Kipr APOEL-ini 6:0 hesabıyla məğlub etməsi bu komandanın rəqib meydanlarındakı 50-ci qələbəsi kimi tarixə düşüb. Bundan başqa, “Real” ÇL-də 50 səfər qələbəsi qazanan ilk klub olub. 49 qələbəsi olan “Barselona”nı arxada qoyan paytaxt təmsilçisi rekordun vahid sahibinə çevrilib.

Nikosiyadakı qələbədə 2 qolla pay sahibi olan Ronaldo isə “Real”ın heyətində qitənin ən nüfuzlu klub turnirindəki qol hesabını 98-ə çatdırıb. 2009-cu ildən indiki klubunda oynayan portuqaliyalı bir komanda ilə ən çox qol sevinci yaşayan futbolçu ünvanına da sahib çıxıb. O, “Barselona”da 97 dəfə fərqlənən Lionel Messini arxada qoyub.

Ronaldo həm də bir təqvim ili ərzində ÇL-də ən çox qol vuran oyunçuya çevrilib. Hesabını 18 topa çatdıran portuqaliyalı futbolçu 2015-ci ildəki rekordunu 2 qol üstələyib.