Çempionlar Liqası

Simeone: “Bundan sonra “Qarabağ”ın nəticəsinə baxmaq olar”

“Roma” ilə İtaliyada keçirdiyimiz oyundan sonra rəqib çox “artırıb”.

Dsport.az xəbər verir ki, bu sözləri İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone deyib. “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan İspaniya nəhəngi bu gün 5-ci tur çərçivəsində İtaliya təmsilçisi “Roma” ilə üz-üzə gələcək. Madridliləri növbəti mərhələ şansını davam etdirmək üçün “Vanda Metropolitano” stadionunda yalnız qələbə qane edir. Simeonenin komandası qarşıdakı iki görüşdə qələbə qazansa belə, 1/8 finala vəsiqə qazanıb-qazanmamağı “Qarabağ”dan asılı olacaq.

Ancaq argentinalı mütəxəssis Azərbaycan çempionunun çıxışı barədə düşünmədiklərini bildirib: “Roma”nın futbolçuları nə etdiklərini yaxşı bilirlər və bunun uğurlu yol olduğuna inanırlar. Qələbə qazandıqca özlərinə inamı daha da artır. Rəqibin heyətində Daniele De Rossi kimi təcrübəli futbolçu var. Hansı ki, bu vəziyyəti idarə edəcək səviyyədədi. Biz hazırda yalnız özümüz barədə düşünməliyik. Bundan sonra “Qarabağ”ın nəticəsinə baxmaq olar. Ümumiyyətlə, “Qarabağ”ın hansı nəticəni göstərməsindən asılı olmayaraq, öz oyunumuza köklənməliyik. Çox az vaxtımız qalıb. Həyatı gözəlləşdirən məqamlardan biri də bəzən gözlənilməz hadisələrin baş verməsidi. Biz də qarşıdakı iki matçda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, sona 2 tur qalmış “Atletiko” 3 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Lider “Roma”nın 8, “Çelsi”nin 7, “Qarabağ”ın isə aktivində 2 xal var. (Apasport)