Çempionlar Liqası

Pedro Enrike: "Roma"ya vurduğum qolu unutmayacağam"

"Qarabağ"ın futbolçusu Pedro Enrike UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində İtaliyanın "Roma" klubunun qapısından keçirdiyi qolu şərh edib.

Dsport.az xəbər verir ki, 27 yaşlı hücumçu Braziliya mətbuatına açıqlamasında həmin epizodu xüsusi an kimi dəyərləndirib.

"Sambaçı" belə məqamın bir hissəsi olmaqdan böyük məmnunluq duyduğunu bildirib: "İlk dəfədir ki, Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində yer alır. Bu qol həmişə yadımda qalacaq".

O, komandanın qalib gəlməməsinə görə təəssüf edib: "Təəssüf ki, müsbət nəticə əldə edə bilmədik. Lakin "Roma" kimi böyük kluba qarşı yaxşı oynadıq. Hətta heç-heçə də edə bilərdik. Vurduğum qola görə xoşbəxtəm. Bu, mənə böyük əminlik hissi bəxş edir".

Qeyd edək ki, Pedro Enrike "Roma" ilə görüşün 29-cu dəqiqəsində Dino Ndlovunun ötürməsindən sonra Braziliya millisinin qapıçısı Alisson Bekkeri məyus edib. Görüş "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. (Report)