Tennis

Cokoviç: "Ailəmi Federer və Nadaldan daha az görürəm"

Novak Cokoviç tennis dünyasındakı dostluq münasibətləri haqqında danışıb.

Serb raketka ustası IPTL turnirinin əyləncəli keçdiyini bildirib:

"Mövsümün bitməsinə baxmayaraq, IPTL turnirində birlikdə olmaq, vaxt keçirtmək və əyləncəli matçlar oynamaq bizim üçün əla fürsət oldu. Hamının öz komandası var və hərə öz qrupu ilə turnirlərə qatılır, ancaq IPTL digər turnirlərdən daha əyləncəli keçdi".

Cokoviç Serena Uilyams və Karolin Voznyaçki dostluğu haqqında danışmağı unutmayıb:

"Serena və Voznyaçki tennisdə bir-birlərinin rəqibi olsalar da, həyatda birlikdə istirahət edə bilirlər. Bu professionallıqdı. Onlar başqaları üçün rol modeldilər. Əlbəttə, bütün tennisçilər belə deyillər. Tennis individual idman növüdü. Bu səbəbdən də münasibətlər müəyyən səviyyədə olur. Ancaq biz də insanıq. Niyə birgə vaxt keçirməyək? Belə şeylər normal qarşılanmalıdı".

Dünya bir nömrəsi son olaraq turnirlər səbəbilə ailəsini çox az gördüyünü sözlərinə əlavə edib:

"Tennisdə mövsüm uzundu. Bildiyiniz kimi, ölkədən-ölkəyə səyahət edirik. Bu səbəbdən şəxsi həyatımıza çox vaxt ayıra bilmirik. Məsələn, mən ailəmi Federer və Nadaldan daha az görürəm".