İtaliya

İtaliya klubunun ən yaxşısı türk oldu

İtaliyanın “Roma” klubunda 2018-ci ilin ən yaxşıları müəyyənləşib.

Dsport.az xəbər verir ki, paytaxt klubunun azarkeşləri arasında aparılan sorğu nəticəsində Türkiyə yığmasının hücumçusu Cengiz Ünder “canavarlar”ın ən yaxşı gənc futbolçusu seçilib.

O, səslərin 62 faizini toplamaqla digər komanda yoldaşlarını qabaqlayıb. Sonrakı yerləri Nikolo Zaniolo ilə Castin Kluyvert tutub.

“Roma”da 2018-ci ilin ən yaxşı qolunun müəllifi də Ünder olub. Onun ötən mövsüm “Udineze” ilə oyunda vurduğu qol ən yaxşı seçilib. Azarkeşlər 4 qol arasında 45 faiz səslə məhz Cengizin vurduğu qolu ən yaxşı hesab edib.

Xatırladaq ki, C.Ünder ötən mövsüm “Roma”nın heyətində 32 oyuna çıxıb, 8 qol vurub. Bu mövsüm isə 23 oyun keçirən türk futbolçu artıq 6 qola imza atıb.

Yeri gəlmişkən, “Roma”nın ötən il üçün ən yaxşı transferi isə Zaniolo seçilib. 19 yaşlı futbolçu “İnter”dən transfer olunub.