İtaliya

“Yuventus” Ronaldonu təqdim etdi: “Burada da iz buraxmaq istəyirəm”

İtaliya çempionu “Yuventus” yeni transfer etdiyi futbol üzrə Portuqaliya yığmasının ulduz oyunçusu Kristiano Ronaldonu rəsmən ictimaiyyətə təqdim edib.

Dsport.az xəbər verir ki, təqdimat mərasimi Turin klubunun “Alyans stadium” arenasında baş tutub.

Xatırladaq ki, “Yuventus” Ronaldonun transferini iyulun 10-da açıqlamışdı. Madrid “Real”ından transfer edilən 33 yaşlı hücumçunun keçidi İtaliya klubuna 100 milyon avroya başa gəlib. Ronaldo yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Təcrübəli futbolçu təqdimat mərasimində maraqlı açıqlamaları ilə də gündəmə gəlib:

“Bu klubda iz buraxmaq istəyirəm. UEFA Çempionlar Liqasını qazanmağı hər kəs istəyir. Amma biz bütün kuboklara sahib çıxmağa çalışacağıq. “Yuventus”un bütün turnirlərdə qalib olması üçün əlimdən gələni edəcəm.

O, “Real”dan ayrıldığı üçün üzgün olmadığını dilə gətirib: “Karyeramda yeni bir səhifə açıram. Mənim yaşda oyunçular adətən Qətərə və ya Çinə gedirlər. Amma mən karyeramın bu çağında belə bir möhtəşəm kluba gəldim. Bu da məni çox sevindirir. “Yuventus” dünyanın ən yaxşı klublarından biridi. Çox yaxşı prezidenti, baş məşqçisi var. Azarkeşlər də məni möhtəşəm qarşıladılar. Onlara da təşəkkürümü bildirirəm”.

“A Seriyası çətin olsa da, mən hər şeyə hazıram. Yaşım önəmli deyil. Özümü çox yaxşı hiss edirəm və motivasiyalıyam. Yeni mövsümün başlamasını səbrsizliklə gözləyirəm. İlk turdan etibarən meydanda olmaq istəyirəm. “Yuventus”un tarixində də iz buraxmaq istəyirəm”.