İtaliya

Mançini rəsmən İtaliya millisində - FOTO

Futbol üzrə İtaliya yığmasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, gözlənildiyi kimi, sözügedən komanda Robert Mançiniyə tapşırılıb. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Anlaşmanın detalları açıqlanmır. Lakin onun İtaliya yığması ilə 2 illik anlaşmaya imza atacağı bildirilirdi. Nəticələr qənaətbəxş olsa, Mançini ilə müqavilənin müddəti AÇ-2020-dən sonra uzadılacaq. Məlumata görə, Mançininin yığmada illik məvacibi 2 milyon avro olacaq. O, uğurlu nəticəyə görə bonus da alacaq.

Yeni baş məşqçinin təqdimat mərasimi mayın 15-də baş tutacaq.

Qeyd edək ki, Mançininin son iş yeri Rusiyanın “Zenit” klubu olub. 53 yaşlı məşqçi ötən ildən Sankt-Peterburq klubunu çalışdırırdı. Komanda onun rəhbərliyi altında mövsümü 5-ci pillədə başa vurub və son 10 ildə ilk dəfə mükafatçılar sırasına düşə bilməyib.

Mançini daha öncə İtaliyanın “Fiorentina”, “Latsio”, “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” klublarını da çalışdırıb.