İtaliya

Buffon: “Ürək əvəzinə zibil vedrəsi gəzdirmək olmaz”

İtaliya çempionu “Yuventus”un qapıçısı Canluici Buffon UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la keçirilən cavab qarşılaşmasından (3:1) sonra fikirlərini bildirib.

Dsport.az xəbər verir ki, baş hakim Maykl Oliver qarşılaşmaya əlavə edilmiş dəqiqədə “Yuve”nin qapısına penalti təyin edib və Buffonu meydandan qovub. Qapıçı hakimi bu qərarına görə kəskin tənqid edib:

“Mən bilirəm ki, hakim hər şeyi gördü. Bu, mübahisəli epizod idi. Ancaq oyunun 93-cü dəqiqəsində mübahisəli epizoda görə penalti təyin etməzlər.

İlk hissədə isə bizim lehimizə təmiz penaltini təyin etmədi. Komanda bütün gücünü sərf etdi. Bir nəfər isə bu zəhməti yerə vurmamalıdı. Ürək əvəzinə zibil vedrəsi gəzdirmək olmaz.

Sənin xarakterin yoxdusa, onda meydana çıxma, həyat yoldaşınla, övladlarınla tribunada oturub çipsi ye, "sprayt" iç”.