Türkiyə

Fatih Terimə sərt cəza

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim 9 oyunda komandasını texniki zonadan idarə edə bilməyəcək.

Dsport.az xəbər verir ki, İstanbul təmsilçisinin təcrübəli çalışdırıcısı Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

65 yaşlı mütəxəssis Türkiyə Super Liqasının 11-ci turunda “Fənərbaxça” ilə matçda (2:2) baş verən hadisələrə görə 7 oyunluq cəzalandırılmışdı. O, həmin vaxt 65 min lirə məbləğində cərimə də edilmişdi. Lakin Terimin məhz bu qərarlarla bağlı dedikləri onun cəzasının daha da ağırlaşmasına səbəb olub. TFF təcrübəli məşqçini daha 3 oyunluq cəzalandırıb. Terim həmçinin daha 14 min lirə məbləğində cərimələnib.

Cəzalı oyunlarından birini çəkən baş məşqçi bundan sonrakı 9 oyunda komandanın texniki zonasında yer ala bilməyəcək.

TFF İstanbul təmsilçisinin prezidenti Musatafa Cengizi də 60 gün müddətində hüquqlarından məhrum edib və ona 40 min lirə pul cəzası kəsib. “Qalatasaray” klubu isə rəsmi saytı vasitəsilə qeyri-etik açıqlamalar yayması səbəbindən 135 min lirə cərimələnib.