Türkiyə

Arda Turan rəsmən “Başakşəhər”də - FOTO

Futbol üzrə Türkiyə yığmasının və İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Arda Turanın “Başakşəhər”ə keçidi tam rəsmiləşib.

Dsport.az xəbər verir ki, 30 yaşlı futbolçu bu gün İstanbula gəlib və Super Liqanın lideri ilə 2,5 illik müqaviləyə imza atıb. Lakin bu müddətdə Kataloniya klubu Ardanı başqa bir kluba satmaq hüququnu özündə saxlayıb. Eyni zamanda “Başakşəhər” də milli üzvünün transfer hüququnu almaq şansına malikdi.

Qeyd edək ki, Arda 2015-ci ildən şərəfini qoruduğu “Barselona”da 55 oyuna çıxıb, 15 qola imza atıb. O, bu müddətdə həmçinin 1 dəfə İspaniya çempionu olub, 2 dəfə İspaniya Kral Kubokunu, 1 dəfə İspaniya Super Kubokunu, 1 dəfə də UEFA Super Kubokunu qazanıb.

Arda 2011-ci ildə yetirməsi olduğu “Qalatasaray”dan Madrid "Atletiko"suna keçmişdi. O, “Atletiko”dan 2015-ci ildə 41 milyon avro qarşılığında “Barselona”ya transfer olmuşdu. Lakin cari mövsümdə heç bir oyunda şans qazanmayan futbolçunun qışda Kataloniya klubundan ayrılması çoxdan gündəmdə idi.

Sonda onu da bildirək ki, Ardanın yeni komandası “Başakşəhər” Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdi.