İspaniya

Lopeteqinin ən xoşbəxt günü - “Real” rəsmən açıqladı

İspaniyanın “Real” klubu yeni baş məşqçisini rəsmən təqdim edib.

Dsport.az xəbər verir ki, öncədən də gözlənildiyi kimi, Madrid təmsilçisi Xulen Lopeteqiyə həvalə olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, “Real” Lopeteqinin baş məşqçi təyin olunacağını iyunun 12-də açıqlamışdı. Sözügedən mütəxəssis İspaniya yığmasının sükanı arxasında dünya çempionatına yollandığından, Madrid klubu yeni baş məşqçisi ilə mundial bitəndən - 1 ay sonra rəsmi müqavilə bağlayacağını bəyan etmişdi. Lakin Lopeteqinin DÇ-yə cəmi 2 gün qalmış “Real”la danışıqlara getməsi İspaniya Futbol Federasiyasının rəhbərliyini özündən çıxardı və buna görə iyunun 13-də o, millinin baş məşqçisi postundan uzaqlaşdırıldı. Belə olan halda isə madridlilərin ispaniyalı mütəxəssislə nəzərdə tutulandan daha tez müqavilə imzalaması üçün də bir problem qalmadı.

Lopeteqi yeni təyinatı ilə bağlı fikirlərini də bölüşüb: “Ötən gün (millinin baş məşqçisi postundan uzaqlaşdırılmasını nəzərdə tutur - red.) mənim üçün anamın ölümündən sonrakı ən ağır günüm idi. Amma bu gün ən xoşbəxt günümdü. “Real”a və klubun prezidentinə mənə göstərdiyi etimada, yaratdığı imkana görə təşəkkürümü bildirirəm. Bu vəzifəni böyük fəxrlə qəbul edirəm. Necə bir kluba gəldiyimi dərk edirəm. Burada necə yüksək tələbin olmasının da fərqindəyəm. Mən və komandam ən yüksək hədəflərə çatmaq üçün var gücümüzü sərf edəcəyik”.