İspaniya

La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Jirona” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisini yeni mövsümdən Eusebio Sakristan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssislə 2 illik – 2020-ci ilin iyun ayınadək müqavilə imzalanıb. Sakristan bu vəzifədə mayın sonunda “Sevilya”ya baş məşqçi təyin olunan Pablo Maçini əvəz edib.

“Barselona”nın sabiq futbolçusu, Kataloniya təmsilçisi ilə bir sıra titullar qazanmış Sakristan məşqçilik karyerasına da elə bu klubda başlayıb. O, “Barselona”nın əvəzedici komandasında, “Selta”da baş məşqçi kimi çalışıb. Son olaraq “Real Sosyedad”ı çalışdırmış mütəxəssis sözügedən komandadan bu ilin mart ayında istefa vermişdi.

“Jirona” La Liqa geridə qalan mövsümü 51 xalla 10-cu pillədə başa vurub.