İspaniya

“Barselona”dan daha bir transfer - Mina tarixə düşdü

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Palmeyras”ın müdafiəçisi Yerri Minanı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı kolumbiyalı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.

“Barselona” artıq yeni transferinə qiymət də qoyub. Belə ki, hansısa klub onu Kataloniya təmsilçisindən qoparmaq istəsə, buna görə 100 milyon avrosundan keçməlidi. La Liqa nəhəngi özü isə Minaya görə “Palmeyras”a 11,8 milyon avro transfer haqqı ödəyib. 

Karyerası ərzində “Palmeyras”dan başqa, “Santa Fe” və “Deportivo Pasto” klublarının da şərəfini qorumuş müdafiəçi, 2016-cı ildən Kolumbiya millisinin üzvüdü. O, yığmada keçirdiyi 9 oyunda 3 qola imza atıb.

Qeyd edək ki, Mina elə bu transferlə artıq “Barselona”nın tarixinə düşüb. Belə ki, o, Kataloniya klubunun heyətinə qatdığı ilk kolumbiyalı futbolçudu.