Şahmat

Dünya Kuboku: Azərbaycan qrossmeysterlərindən uğurlu start

Bakıda şahmat üzrə Dünya Kubokunun ilk mərhələsinə start verilib.

Azərbaycanı bu yarışlarda - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edirlər. 

İlk turda Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynov qalib gəliblər. Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov İran təmsilçisi Pouya İdani, Rauf Məmmədov Yevgeni Nayer (Rusiya), Qədir Hüseynov isə Maksim Matlakov (Rusiya) üzərində qələbə qazanıb. 

Teymur Rəcəbov-Samuel Sevyan (ABŞ), Eltac Səfərli - Çaba Baloq (Macarıstan), Vasif Durarbəyli - Le Kuanq Lyem (Vyetnam) heç-heçə oynayıblar.

Turnir nokaut-sistem üzrə keçirilir. Bütün oyunçular 1/64 final mərhələsindən start götürürlər. Həlledici görüşdən başqa hər bir qarşılaşma iki partiyadan ibarətdi. Finalda dörd partiya oynanılacaq.

Sentyabrın 11-dən başlayaraq hər tur üç gün davam edəcək. Sentyabrın 26-sı və 30-u istirahət günləri olacaq. Final oktyabrın 1-dən 5-dək keçiriləcək

Dünya Kuboku yarışlarının ümumi mükafat fondu 1,6 milyon dollardı. Qalib 96 min dollar, finalçı isə 64 min dollar qazanacaq.