Şahmat

Ümumdünya İntellektual Oyunları: Məmmədyarov liderdən 1 xal geri qalır, Rəcəbov erməni rəqibinə uduzdu

Çinin paytaxtı Pekin şəhərində keçirilən Ümumdünya İntellektual Oyunlarına start verilib.

Turnirin birinci günündə sürətli şahmat üzrə 4 tur geridə qalıb. Birinci turda Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla heç-heçə edib, Teymur Rəcəbov Boris Qelfandla xalları yarı bölüb.

İkinci turda Məmmədyarov Vasili İvançuku məğlub edib, Teymur Pentala Harikrişnayla heç-heçə oynayıb.

Üçüncü turda Şəhriyar Maksim Vaşe-Laqravla xalları yarı bölüb, Rəcəbov erməni qrossmeyster Levon Aronyana uduzub.

Dördüncü turda Şəhriyar Məmmədyarov Peter Leko ilə heç-heçə edib, Teymur Rəcəbov isə Yan Nepomnyaşiyə məğlub olub.

Dörd turdan sonra turnir cədvəlinə aktivində 3,5 xalı olan Van Xao başçılıq edir. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov 2,5 xalla 3-5-ci pillələri bölüşür. Teymurun aktivində isə 1 xal var.