Şahmat

Mahir Məmmədov: “Bu dünya ölkələri tərəfindən Azərbaycana verilən yüksək etimadın nəticəsidir”

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni seçilən vitse-prezidenti Mahir Məmmədov Batumidə keçirilən FİDE-nin rəhbər vəzifələrinə seçkilərindən danışıb. FİDE-nin mətbuat xidmətinə açıqlamasında Mahir Məmmədov ölkə şahmat tarixində ilk dəfə azərbaycanlının FİDE-də yüksək rəhbər vəzifəyə seçilməsini dünya şahmat ailəsinin Azərbaycana böyük etimad kimi dəyərləndirib: 

"İlk növbədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə FİDE-də vitse-prezident vəzifəsinə seçilməyimlə bağlı etdiyi təbrikə görə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısının təbriki mənə şərəf verdi və məsuliyyətimi daha da artırdı.

Beynəlxalq Şahmat Federasiyasında belə yüksək vəzifəyə seçilməyim Azərbaycana və Azərbaycan idmanına dünya ölkələri tərəfindən verilən yüksək etimadın nəticəsidir. İdman Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycan dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanınır. Azərbaycan prezidenti İlham Əliyev dünya ölkələri arasında ilk dəfə şahmatın inkişafına dair 2009-2014-cü illəri əhatə edən Dövlət Proqramını imzalamaqla bu idman növünün yeni inkişaf mərhələsinə yüksəlməsinə dəstək olub. Məhz Azərbaycan prezidenti İlham Əliyevin şahmata və şahmatçılara göstərdiyi diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda böyük qələbələr qazanıb, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alıb. 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası keçirilib. Hər il Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir təşkil olunur. Bütün bu uğurlar dövlətin dəstəyi, şəxsən Azərbaycan prezidenti İlham Əliyevin şahmata olan diqqəti sayəsində reallaşıb. Ölkəmizdə şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə şahmatçılarımız adından Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm".

Seçkilərə gəlincə FİDE rəsmisi mübarizənin sona qədər davam etdiyini bidirib: "Gözlənildiyi kimi dünya şahmat ailəsində çox çətin və vacib seçkilər baş tutdu. FİDE-nin prezidenti vəzifəsinə 3 namizəd var idi: Arkadiy Dvorkoviç,Georgios Makropulos və Naycel Şort. Hər namizədin 5 nəfərdən ibarət komandası təqdim olunmuşdu. Seçkidə qalib gələn namizədin komandası da FİDE rəhbərliyində təmsil olunmalıydı. Əsas mübarizə iki namizəd Arkadiy Dvorkoviçlə-Georgios Makropulos arasında sona qədər davam etdi. Arkadiy Dvorkoviç rəqibindən daha çox 103 səs toplamaqla FİDE-nin prezidenti seçildi. Bununla da onun komanda üzvləri də rəhbər vəzifələrə seçilmiş oldu".