Şahmat

"Moskva Open 2015" beynəlxalq şahmat festivalına yekun vuruldu

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən ənənəvi “Moskva Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb.

Festivalda 30 ölkədən 1000-dək şahmatçı öz qüvvəsini sınayıb. Yarış bir neçə qrup üzrə ( A-kişiliər arasında, B-qadınlar arasında, D-veteranlar arasında, F-tələbə oğlanlar arasında, G-tələbə qızlar arasında və C-həvaskarlar arasında) keçirilirdi. Ölkəmizi bu beynəlxalq turnirdə müxtəlif qruplarda Rauf Məmmədov, Ülvi Sadıqov, Ülvi Bacarani, Niyazi Nağdiyev, Rəvan Əliyev, Səbinə İbrahimova, Günay Məmmədzadə, Aydan Höccətova, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Altay Eynullayev, Atilla Eynullayev,Vüsal Həsənzadə, Aslan Sadiqli və Nərmin Kərimzadə təmsil edirdilər.

A qrupunda mübarizə aparan Rauf Məmmədov sonuncu turda Rusiya təmsilçisi Dmitri Kokarevlə xalları yarı bölərək 6.5 xalla turnirin doqquzuncusu olub. Bu qrupda mübarizə aparan digər təmsilçilərimiz - Ülvi Sadıqov 4.5 xal, Rasim Əliyev 4 xal, Niyazi Nağdiyev və Rəvan Əliyev - hərəyə 3.5 xal toplayıblar. Turnirin qalibi adını isə 9 oyundan 8 xal toplayan Rusiya şahmatçısı Ernesto İnarkiev qazanıb.

Qadınların turnirində isə təmsilçilərimiz Səbinə İbrahimova Yevgeniya Ovoda, Aydan Höccətova isə Alina Bivola məğlub olaraq turnirin qalibi olma şanslarını itiriblər. Höccətova 6 xalla 14-cü, İbrahimova da eyni xalla 17-ci pillənin sahibi olub.

Uşaqların turnirində mübarizə aparan Aydın Süleymanlı 5.5 xal, Məhəmməd Muradlı , Atilla Eynullayev və Vüsal Həsənzadə 4.5 xal, Altay Eynullayev 4 xal,Aslan Sadiqli və Nərmin Kərimzadə isə 3.5 xal toplayıblar.

Tələbələrin turnirində iştirak edən Ülvi Bacarani 5 xal toplayaraq 3-5-ci yerləri bölüşdürüb.Əlavə göstəricilərə görə Bacarani 4-cü olub. Tələbə qızların turnirində mübarizə aparan Günay Məmmədzadə isə aktivinə 5 xal yazaraq 3-cü yerin sahibi olub.

Xatırladaq ki tələbə oğlanlar və qızların turniri (Open F və Open G) dairəvi sistem üzrə 9 turdan ibarət idi. Digər turnirlər isə isveçrə sistemi ilə 9 tur davam edib.