Şahmat

Teymur Rəcəbov: “Vüqarın debütlərinə qarşı ciddi hazırlaşırdıq”

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin ilk turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bolqarıstan təmsilçisi Veselin Topalovla heç-heçə oynayıb. 

Dsport.az xəbər verir ki, partiyadan sonra keçirilən mətbuat konfransında Teymur Rəcəbov oyun haqqında bunları deyib: "Açılışdan sonra üstünlük yox idi. Bərabər səviyyəli oyun izlədik. Bəlkə də kənardan fərqli görünürdü. Şəmkirdə həmişə güclü rəqiblər olub. Ona görə ehtiyatlı oyundan söhbət gedə bilməz. Hər şahmatçı mümkün qədər çox xal qazanmağa çalışır".

ShamkirChess2018 barədə danışan Rəcəbov superturnirlərin dünya və Avropa çempionatlarından fərqləndiyini bildirib: "Mənim üçün superturnirlər həmişə dünya, Avropa çempionatlarından seçilir. Komanda yarışlarında eləcə də digər turnirlərdə hədəf qələbə olur. Lazım olanda risk etməkdən çəkinmirsən. Superturnirlər həmişə daha böyük yarışlara hazırlıq məqsədi daşıyır".

Vüqar Həşimovun xatirə turnirinin yüksək səviyyədə təşkil olunduğunu deyən Azərbaycan şahmatçısı onun haqqında xatirələrini bölüşüb: "Vüqar çox güclü şahmatçı olub. Yadımdadır, onun debütlərinə qarşı ciddi hazırlaşırdıq. Həşimov istənilən vəziyyəti öz xeyrinə dəyişməyi bacarırdı. Veyk-An-Zee superturnirində oynamışıq, o vaxt mən qələbə qazanmışdım. Ümumi oyunlarımızda xal fərqi yadımda deyil. Statistikanı xatırlamaq çətindir. Lakin Rusiyada klubların çempionatındakı görüşü heç vaxt unutmayacam. İki saatlıq partiya heç-heçə yekunlaşmışdı. Amma oyunun təhlili 3 saat vaxt apardı. Yəni o qədər maraqlı partiya alınmışdı ki, təhlili oyundan çox olmuşdu".