Şahmat

Rauf Məmmədov: “12-ci gedişdən sonra özümü itirdim”

Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialında 1-ci tur sona yaxınlaşır. 

Dsport.az xəbər verir ki, ilk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navarayla heç-heçə oynayıb. Partiyadan sonra Rauf Məmmədov oyunu haqqında fikirlərini bildirib: 

“Ötən il uğurlu oyunlarım çox oldu. Əmsalımı 2700-ə çatdırdım. Ona görə Şəmkirdə daha yaxşı çıxış etmək istəyirəm. David Navara kifayət qədər maraqlı rəqibdi. Cəlbedici oyunu və gözlənilməz gedişləri olur. Müəyyən mənada oyunumuzda oxşarlıq var. Heç-heçə oyuna görə olan nəticədi. Hərçənd qalib gəlmək imkanlarım var idi. Sadəcə, Navarayla oyuna yaxşı hazırlaşmamışdım. 12-ci gedişdən sonra ümumiyyətlə özümü itirdim. Hansı gedişi oynayacağımı bilmirdim. David çox ağıllı oynadı və qısa zamanda bərabərlik yaratdı”.

ShamkirChess 2018 superturnirinin təşkilatçılığını yüksək qiymətləndirən Azərbaycan şahmatçısı yarışın Vüqar Həşimovun xatirəsinə keçirilməsinin önəmli olduğunu qeyd edib: “Vüqarın adına turnir təşkil edən şirkətlərə və insanlara təşəkkür edirəm. Onu həmişə xatırlayırıq. Həşimovun adı gələndə 2009-cu ildəki Avropa çempionatını xatırlayıram. Serbiyada millimiz ilk dəfə çempion oldu. Son həlledici görüşdə Daniel Stelvagenə qarşı gedişi və qələbəsini xatırlayıram. Çox xoşbəxt idik”.