Şahmat

Şəhriyar Almaniyada 2-ci oldu, 88 min avro qazandı

Almaniyanın paytaxtı Berlində təşkil olunan şahmat tacı uğrunda İddiaçılar Turnirinə yekun vurulub.

Dsport.az xəbər verir ki, bu gün sonuncu - 14-cü turun görüşləri keçirilib.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov həlledici turda rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz 54-cü gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

Lider Fabiano Karuana isə Aleksandr Qrişuka qalib gəlməklə turnirin qalibi olub. Bununla da Karuana dünya şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenə rəqib olub.

Karuana İddiaçılar Turnirinin qalibi olmaqla həm də 95 min avroya sahib olub. Şəhriyar Məmmədyarov isə 88 min avro qazanıb. Digər yerlərin sahibləri müvafiq olaraq, 75 min, 55 min, 40 min, 28 min, 22 min və 17 min avro qazanıblar.

Turnir cədvəli: Karuana - 9 xal, Məmmədyarov, Karyakin – 8, Dinq - 7, Qrişuk - 6,5, Kramnik, So - 6, Aronyan - 4.5