Şahmat

14 yaşlı ilk qadın qrossmeyster

FİDE-nin Prezident Şurasının qərarına əsasən, 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adı verilib.

FİDE-nin Prezident Şurasının qərarına əsasən, 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adı verilib. Azərbaycan Şahmat Federasiyasının rəsmi saytının verdiyi xəbərə görə, Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adı alan ilk şahmatçıdı.

Məmmədzadə Günay Vüqar qızı 2000-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildən  şahmatla  məşğul olur. İlk dəfə 2007-ci ildə Azərbaycan çempionatında səkkizyaşlı qızlar arasında keçirilən yarışda 3-cü, 4-cü yerləri bölüşüb, 2007-ci ildə isə Gürcüstanın  Batumi şəhərində keçirilən səkkizyaşlı qızlar arasında Avropa çempionatında III yerə çıxıb. Həmin il Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında  II yerə layiq görülüb. 2008-ci ildə Batumidə keçirilən dünya çempionatında I yerə çıxaraq üçrəngli bayrağımızı zirvələrə qaldırıb. Həmin il Vyetnamın Vunqtau şəhərində keçirilən səkkizyaşlı qızların dünya çempionatında  III, 2009-cu ildə isə 10 yaşlı qızlar arasında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatının qalibi olub. 2009 -cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi, 2007, 2008 və 2009-cu illərdə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2011-ci ildə qadınların Bakı  çempionatında II yerin sahibi, sonralar dəfələrlə Avropa çempionu və beynəlxalq turnirlərin qalibi olub. 2012-ci ildə Rumıniyanın İassi şəhərində 36 ölkənin iştirakı ilə keçirilən məktəblilər arası şahmat üzrə VIII dünya çempionatında I yerə çıxaraq dünya çempionu adını qazanıb. Nəhayət, 2013-cü ildə Çernoqoriyanın Budva şəhərində keçirilən 8-18 yaşlı yeniyetmələrin Avropa çempionatında 14 yaşlı qızlar arasında çempion adını qazanıb.

Günay Məmmədzadə 2014 – cü ilin fevralın 1-dən 9-dək Moskva şəhərində keçirilən ənənəvi "Moskva Open", fevralın 10-dan 19-dək isə Minskdə David Bronşteynin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə uğurla çıxış edərək beynəlxalq qrossmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını toplayıb. Məmmədzadə həmçinin bu il Respublikamızın Müstəqilliyinə həsr olunmuş ”Baku Open 2014” beynəlxalq şahmat turnirdə də qrossmeyster normasını və beynəlxalq usta balını toplamağı bacarıb.