Şahmat

Rauf Məmmədov 3-14-cü yerləri bölüşdürür

Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qətər Masters Open 2014” beynəlxalq şahmat turnirində 6-cı turun oyunları başa çatıb.

Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qətər Masters Open 2014” beynəlxalq şahmat turnirində 6-cı turun oyunları başa çatıb. Azərbaycan Şahmat Federasiyasının xəbərinə görə, ölkəmizi turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər.

6-ci turda qara fiqurlarla mübarizə aparan Rauf Məmmədov Polşa təmsilçisi Dariuş Sverç, Qədir Hüseynov ukraynalı Sergey Fedorçuk ,Vasif Durarbəyli fransız şahmatçısı Fabien Libijevski və nəhayət Zeynəb Məmmədyarova indoneziyalı Xarisma Sukandar üzərində qələbə qazanıb. Eltac Səfərli və  Fransa şahmatçısı Maksim Vaşe Laqrav arasındakı qarşılaşma sülhlə nəticələnib. Bu turda Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə məğlubiyyətlə üzləşiblər.

6 turdan sonra Rauf Məmmədov 4,5 xalla 3-14-cü yerləri bölüşdürür. Qədir Hüseynov,Vasif Durarbəyli və Eltac Səfərlinin 4 xalı, Şəhriyar Məmmədyarovun 3,5 xalı, Günay Məmmədzadənin 3 xalı, Zeynəb Məmmədyarovanın isə 2,5 xalı var.

Turnir cədvəlinə aktivində 6 xal olan Hollandiya şahmatçısı Aniş Qri liderlik edir.

Xatırladaq ki, turnirdə Azərbaycan da daxil olmaqla 40-dək ölkədən 154 şahmatçı (111 beynəlxalq qrossmeyster) iştirak edir. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarış dekabrın 5-də başa çatacaq.Turnirin ümumi mükafat fondu 100 000 avrodu.