Şahmat

Mahir Məmmədov: “Növbəti hədəfimiz Olimpiadada qələbə qazanmaqdı”

Bu gün Gənclər və İdman Nazirliyində kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasının Yunanıstanın Krit adasında Avropa çempionluğu qazanması münasibətilə mətbuat konfransı keçirilib.

Dsport.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidentləri Mahir Məmmədovla Faiq Həsənov və yığma komandanın üzvləri iştirak ediblər.

İ.İsmayılov deyib ki, Azərbaycan şahmatçılarının üçüncü dəfə qitə birinciliyində qalib olması idmana göstərilən dövlət qayğısının nəticəsidir. Onun sözlərinə görə, yığma öz uğuru ilə qatıldığı bütün turnirlərin favoritləri sırasında yer aldığını sübuta yetirib: “Azərbaycan idmanında uğurlar şahmatla kifayətlənmir. Digər növlərdə də qazanılan nailiyyətlər göz qabağındadır. Şahmatçılarımızın yüksək nəticələr qazanmasında AŞF-də aparılan uğurlu fəaliyyət mühüm rol oynayır”.

AŞF-nin vitse prezidenti F.Həsənov Avropa çempionatının Olimpiadadan sonra ikinci sınaq olduğunu söyləyib. O, yığmanın qarşıya qoyulan məqsədə çatdığını vurğulayıb: “Ən əsas hədəf komandamıza olan inamsızlığı aradan qalıdrmaq idi. Şahmatçılarımız da bunun öhdəsindən uğurla gəldilər. Çempionata millimiz məğlubiyyətlə başladı, zəif hesab olunan İtaliya yığmasına uduzdu. Ancaq toparlanaraq qalib gəlməyi bacardıq. Şəhriyar Məmmədyarov ilk turda oynamadı. Bilirdik ki, həlledici görüşlər sonrakı turlarda keçiriləcək. Ümumiyyətlə, dünya praktikasında liderlər ilk turda istirahət edirlər”.

M.Məmmədov isə şahmatçıların fərdi keyfiyyətlərini yüksək qiymətləndirib. O, ölkədə şahmatın inkişafı istiqamətində görülən işlərdən danışıb: “Komandamızı həmişə belə görmək istərdim. Millimiz qazandığı uğurla hamımızı sevindirdi. Ümid edirəm ki, uğurların davamı gələcək. Çünki bunun üçün ölkəmizdə hər cür şərait var. Olimpiadada qələbə qazanaraq xalqımızı sevindirməyə çalışacağıq. Növbəti hədəfimiz budur”.

Konfransda millinin üzvü Şəhriyar Məmmədyarov da fikirlərini bölüşüb. O, Rusiya yığmasının turnirin favoriti olduğunu, lakin Azərbaycan şahmatçılarının daha üstün oyun sərgilədiklərini qeyd edib.