Şahmat

Mahir Məmmədov: "Şahmatçılarımız Avropa çempionatına iddialı yollanacaq"

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, "Odlar Yurdu" klubunun rəhbəri Mahir Məmmədov jurnalistlərə açıqlamasında oktyabrın 28-də Yunanıstanda start götürəcək milli komandalar arasında Avropa çempionatı haqqında fikirlərini bildirib.      

Dsport.az xəbər verir ki, AŞF rəsmisi eyni zamanda komandaların kapitanlarının adını açıqlayıb: "Kişi şahmatçılardan ibarət Azərbaycan millisi həmişə olduğu kimi yarışa iddialı yollanacaq. Milli komandanın kapitanı olmaq həmişə böyük şərəfdi. Bu dəfə komandamıza Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov kapitanlıq edəcək. Qadınların yığmasına gəldikdə isə xanım şahmatçılarımız qitə birinciliyində Fikrət Sideifzadənin rəhbərliyi altında çıxış edəcək. Xanım şahmatçılar həmişə bizi yaxşı mənada təəccübləndirir. Türkiyədə keçirilən Avropa Çempionlar Kubokunda gümüş medal qazandılar, bu nəticə qadın şahmatçılardan ibarət yığmaya böyük stimul olacaq".     

Türkiyədə təşkil olunan klublarımızın Avropa Çempionlar Kubokundakı çıxışına toxunan Mahir Məmmədov hər iki komandadan razı qaldığını söyləyib: "Hər iki komandamız uğurlu çıxış etdi. Bildiyiniz kimi son illər Azərbaycanı bu yarışda "SOCAR-Azerbaijan" təmsil edirdi. Bu klub iki dəfə Avropa Çempionlar Kubokunun qalibi olub. Bu dəfə "Odlar Yurdu" adlı komandamız həm kişilər, həm də qadınların yarışında çıxış etdi. Kişi şahmatçılarımız bürünc, qadınlardan ibarət kollektiv isə gümüş medal əldə etdi. Hər iki komandamız reytinqə görə iddialı hesab olunmurdu. Onlar reytinqlərindən üstün çıxış etdilər. Bu bir daha sübut edir ki, şahmatda reytinq hər şey demək deyil. Komandada olan yüksək əhval, mehribanlıq nəticəyə də təsir edir. Şahmatçılarımızın çıxışından razıyam. İnanıram ki, növbəti yarışlarda da yaxşı oyun nümayiş etdirəcəklər".      

AŞF rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda hər hansı böyük şahmat yarışının təşkili gözlənilmir. Bununla belə FİDE qadınlar arasında Qran-Pri turnirinin bir mərhələsini Bakıda keçirmək təklifini irəli sürüb: "FİDE Qran-Pri yarışının bir mərhələsini Bakıda təşkil etmək istəyini bildirib. Bu məsələ müzakirə səviyyəsindədir. Amma hazırda heç bir razılaşma yoxdu".        

Mahir Məmmədov eyni zamanda Azərbaycan şahmatçılarının İddiaçılar Turnirinə vəsiqə qazanmaq şansının yüksək qiymətləndirdi: "Noyabrda İspaniyada baş tutacaq Qran-Pri şahmatçılarımız üçün həlledici turnirdi. Şəhriyar Məmmədyarov artıq iştirak limitini başa vurub. Teymur Rəcəbov daha bir yarışda - Palma de Malyorkadakı turnirdə çıxış edəcək. Rəcəbova iddiaçılar sırasına düşmək üçün mükafatçılardan biri olmaq yetərlidi. Ümumilikdə digər şahmatçıların çıxışı da çox önəmlidi. Ona görə son yarışı gözləmək vacibdi. Hər ikisinin İddiaçılar Turnirinə vəsiqə qazanmaq şansları yüksəkdi".