İngiltərə

Mahrez rəsmən MS-də - Yeni rekordla

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, son ölkə çempionu Premyer Liqanın digər təmsilçisi “Lester Siti”nin hücumçusu Riyad Mahrezi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əlcəzairli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

MS bu transferə görə qarşı tərəfə 60 milyon funt-sterlinq təzminat ödəyib. Bu isə sözügedən klubun tarixində rekord transfer hesab olunur. Bundan əvvəlki rekord isə elə bu ilin yanvar ayında İspaniyanın “Atletik” klubundan transfer olunmuş Emerik Laporta məxsus idi - 57 milyon avro.

2014-cü ildə “Havr”dan 400 min funt-sterlinqə “Lester Siti”yə transfer olunan Əlcəzair yığmasının üzvü bu komandanın 2015/16 mövsümündəki sürpriz çempionluğunda önəmli pay sahiblərindən biri olmuş və Premyer Liqad ilin futbolçusu seçilmişdi. Mahrez, “Lester Siti” forması ilə çıxdığı 179 matçda 48 qola imza atıb.