İngiltərə

Torreyra “Arsenal”da - RƏSMİ

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubunun uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyranı transfer edib. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Uruqvay yığmasının üzvü “topçular”la 5 illik müqaviləyə imza atıb. 22 yaşlı futbolçunun 11 nömrəli formanı geyinəcəyi açıqlanıb. İndiyə qədər bu nömrə ilə oynayan Məsut Özil isə yeni mövsümdən 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Torreyra, “Bayer”dən alınan qapıçı Bernd Leno, “Yuventus”dan gələn Stefan Lixtştayner və Dortmund “Borussiya”sından cəlb edilən Sokratis Papastatopulosun ardından “Arsenal”ın bu yay etdiyi 4-cü transferdi.

İngiltərə mətbuatının yazdığına görə, “Arsenal” “Torreyra”ya görə “Sampdoriya”ya 25 milyon avro təzminat ödəyib.

Torreyranın Avropa macərası 2013-cü ildə transfer edildiyi İtaliyanın “Peskara” klubundan başlayıb. “Sampdoriya” 2015-ci ildə Lukası transfer etsə də, uruqvaylı oyunçu yenə “Peskara”da qalıb. O, “Sampdoriya”da 2016/17 mövsümündən etibarən oynayırdı və bu komanda ilə 71 matça çıxıb.

Bu arada “Arsenal” daha bir futbolçunu heyətinə qatmaq üzrədi. Unay Emerinin çalışdırdığı komanda 19 yaşlı fransalı yarımmüdafiəçi Matteo Genduzini transfer edir. Artıq London klubunda tibbi müayinədən də keçən futbolçu tezliklə rəsmi müqaviləyə imza atacaq. O, Fransanın “Loryan” klubundan transfer edilib.