İngiltərə

“Mançester Siti”nin 5-ci çempionluğu

Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunda doğma meydanda gözlənilmədən “Vest Bromviç”ə 0:1 hesabıyla uduzan “Mançester Yunayted” bununla həm də əzəli rəqibi “Mançester Siti”nin çempionluğunu rəsmiləşdirdi.

Dsport.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Vest Bromviç” 73-cü dəqiqədə Cey Rodriqesin vurduğu yeganə qolla qızıl medalların taleyinə sona 5 tur qalmış aydınlıq gətirdi. Bu nəticədən sonra “Mançester Yunayted” 71 xalla ikinci pillədədi və 87 xala malik “Mançester Siti” ilə arasındakı fərq 16-ya çıxdı.

MS bununla tarixində 5-ci dəfə İngiltərə çempionu olur. Bu komanda daha öncə 1936/37, 1967/68, 2011/12 və 2013/14 mövsümlərində Premyer Liqanın qalibi adını qazanmışdı.

Komandanın ispaniyalı baş məşqçisi Xosep Qvardiola isə İspaniya və Almaniyanın ardından İngiltərədə də ölkə çempionu adını qazandı.