İngiltərə

Premyer Liqa oyunlarının yayım hüququ üçün 4,5 milyard!

Futbol üzrə İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 4,464 milyard funt-sterlinq qarşılığında iki kanala satılıb.

Dsport.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi internet saytı məlumat yayıb. Məlumatda bildirilir ki, İngiltərə çempionatının 2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq oyunlarının yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. Artıq həmin paketlərdən 5-i satılıb.

“Sky Sports” 3,58 milyard funt-sterlinq qarşılığında 4 paket alıb. Sözügedən kanal həmin dönəmdə 128 Premyer Liqa matçını canlı yayımlamaq şansı əldə edib. “BT Sport” isə 884 milyon funt-sterlinq qarşılığında cəmi 1 paket alıb və 32 oyunu canlı göstərmək fürsəti qazanıb.

Hər birində 20 matç olan qalan iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır. 

Xatırladaq ki, Premyer Liqanın 2015-2019-cu illər aralığındakı mövsümlərində baş tutan oyunların yayım hüququ 5,14 milyard funt-sterlinqə satılmışdı.