İngiltərə

İngiltərə millisinin üzvü 26 yaşında futboldan getdi

İngiltərə yığmasının və “Hall Siti” klubunun yarımmüdafiəçisi Rayan Meyson futbolçu karyerasını 26 yaşında başa vurmalı olub.

Dsport.az xəbər verir ki, o, ötən mövsüm komandasının “Çelsi” ilə oyununda rəqib futbolçu Qari Keyhillə toqquşma nəticəsində başından ağır zədə almışdı. Həkim müayinəsi nəticəsində Meysonun başında çat aşkarlanmışdı.

Bu vaxta qədər müalicə alan Rayan futbol oynayacağı günü səbrsizliklə gözləsə də, dünyanın aparıcı nevroloq və cərrahları ona yenidən yaşıl meydana qayıtmağı qadağan ediblər. Artıq “Hall Siti” klubu da Meysonun bir daha futbol oynaya bilməyəcəyini rəsmən bəyan edib.

Karyerasına “Tottenhem”də başlayan, 2016-cı ildə klub rekorduna imza atmaqla 13 milyon funt-sterlinqə “Hall Siti”yə transfer edilən Meyson İngiltərə yığmasında da bir oyun keçirib.