İngiltərə

Aleksis Sançes rəsmən MY-də - Mxitaryan+20 milyon!

İngiltərə futbolunun iki nəhəngi – “Mançester Yunayted”lə “Arsenal” klubları oyunçu dəyişikliyi ilə bağlı nəhayət ki, tam razılığa gəliblər.

Dsport.az xəbər verir ki, “qırmızı şeytanlar” qarşı tərəfdən hücumçu Aleksis Sançesi transfer edərkən, “topçular” da Mançester klubunun yarımmüdafiəçisi Henrix Mxitaryanı heyətinə qatıb. Artıq hər iki klub rəsmi saytı vasitəsilə yeni transferlərini təqdim edib. Lakin müqavilələrin müddətləri barədə açıqlama verilmir.

Britaniya mətbuatının yaydığı məlumata görə, MY Sançes üçün “Arsenal”a Mxitaryandan əlavə 20 milyon funt-sterlinq də ödəyəcək. “Qırmızı şeytanlar”ın futbolçunun meneceri Fernando Feliçeviçə də ayrıca 15 milyon funt-sterlinq ödəməsi gözlənilir. 29 yaşlı futbolçu Mançester klubunda 7 nömrəli formanı geyinəcək. O, yeni komandasında həftəsinə 350 min funt-sterlinq nəğd maaş alacaq. Lakin bonuslarla birlikdə bu məbləğin 600 min funt-sterlinqə çatacağı bildirilir. Bu da Aleksisi klub tarixinin ən yüksək maaş alan futbolçusuna çevirəcək.

Bu mövsüm Premyer Liqada 19 oyunda forma geyinən Sançes 7 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mxitaryan isə MY-də 15 oyunda 1 qol vurub, 5 qol ötürməsi verib.