İngiltərə

Derbidən sonra kütləvi dava

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində ötən gün keçirilən “Mançester Yunayted” – “Mançester Siti” matçından (1:2) sonra hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava düşüb.

Dsport.az xəbər verir ki, hər şey “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyonun rəqib komandanın paltardəyişmə otağına hücum çəkməsindən sonra başlayıb. Belə ki, qonaqların qələbəni həddindən artıq coşquyla qeyd etməsi Mourinyonu əsəbləşdirib. Portuqaliyalı mütəxəsis buna etirazını bildirmək üçün rəqibin paltardəyimə otağına daxil olub və onlardan səs-küyə son qoymalarını tələb edib. Bu zaman onunla rəqib komandanın braziliyalı qolkiperi Ederson arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Mourinyo onun başına plastik su qabını çırpıb. “Mançester Siti”nin futbolçuları da portuqaliyalı məşqçiyə su qabı atıblar. Nəticədə hər iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. Qonaqların məşqçisi Mikel Artetanın qaşı partlayıb.