İngiltərə

“Qarabağ”ın rəqibi bu hücumçusunu satmağa razılaşdı

İngiltərə çempionu “Çelsi” Dieqo Kostanın “Atletiko”ya satılması ilə bağlı İspaniya klubu ilə razılığa gəlib.

Dsport.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi bu transfer qarşılığında “zadəganlar”a 55 milyon avro ödəyəcək. Amma bonuslarla bu məbləğ 65 milyon avroya qədər arta bilər. Yaxın günlərdə Kosta Madridə gələrək tibbi yoxlanışdan keçəcək və rəsmi müqaviləyə imza atacaq. “Atletiko”nun İspaniya yığmasının şərəfini qoruyan Braziliya əsilli hücumçu ilə 2021-ci ilin yayına kimi müqavilə imzalayacağı bildirilir. Amma transfer qadağası olan və bu cəzadan 2018-ci ilin 1 yanvarından etibarən canını qurtaracaq İspaniya təmsilçisi Dieqonun da xidmətindən həmin gündən etibarən yararlana biləcək.

Qeyd edək ki, Kostanın “Çelsi”də baş məşqçi Antonio Konte ilə ciddi problemi vardı. Bu yayın əvvəlində italiyalı mütəxəssis ona “Səni öz komandamda görməyi düşünmürəm” mesajını yazması futbolçunun London klubu ilə probleminin başlanğıcı oldu. Ulduz hücumçuya “Çelsi”nin B komandası ilə məşq etmək təklif olunsa da, o, ümumiyyətlə İngiltərəyə qayıtmaqdan imtina etdi. Bu aylarda “Atletiko” sabiq hücumçusunu geri qaytarmaq üçün bir neçə dəfə təklif irəli sürsə də, “Çelsi” Dieqoya görə daha çox qazanc əldə etmək üçün razılaşmırdı.

28 yaşlı hücumçu “Çelsi”yə 2014-cü ildə məhz “Atletiko”dan transfer edilmişdi. O, karyerası ərzində “Braqa”, “Penafiel”, “Selta”, “Albasete”, “Valyadolid” və “Rayo Valyekano” klublarında da forma geyinib.