Güləş

Azərbaycan güləşçiləri 2014-cü ildə 102 qızıl, 81 gümüş və 111 bürünc medal qazanıb

Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb

Yola salmaqda olduğumuz 2014-cü il Azərbaycan Güləş Federasiyası üçün növbəti uğurlu illərdən biri olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

Bütün bu nailiyyətlər ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidi. Məhz ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artması ilə müşahidə olunur. Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına birbaşa təsir göstərir.

İl ərzində qazandığımız uğurların statistik göstəricilərinə nəzər yetirək:

Yığma komandalarımızın üzvləri 2014-cü ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 27 qızıl, 22 gümüş, 16 bürünc – toplam 65 medal qazanıb.

Bunların 28-i yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa və Dünya çempionatlarında, II Olimpiya Oyunlarında 13 qızıl, 9 gümüş, 6 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər.Bu nəticə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə ötən ilki nəticədən üstündü.

Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Gənclərimiz Avropa və Dünya çempionatında 10 qızıl, 5 gümüş, 5 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər.Gənc güləşçilərin nailiyyətində bu ilki qızıl medalların sayında müşahidə edilən ikiqat artım xüsusilə diqqəti cəlb edir.

Böyüklərdən ibarət yığma komandalarımız isə, 4-ü qızıl, 8-i gümüş, 5-i bürünc olmaqla 17 medal qazanıb.

Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 229 medal qazanıb. Bu medalların 75-nin əyarı qızıl, 59-u gümüş və 95-nin əyarı isə bürünc olub.

Qarşıdan gələn 2015-ci il idmançılarımız üçün, böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. Çünki qarşıdan gələn ildə tarixdə ilk dəfə keçiriləcək, həm də ölkəmizdə baş tutacaq I Avropa Oyunları, eyni zamanda Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya çempionatı kimi mühüm əhəmiyyətli yarışlarda güləşçilərimizi ciddi sınaq gözləyir.