Güləş

İslam Abbasov yenə dünya üçüncüsü oldu

23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürüb.

Dsport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən ikisi mübarizəyə başlayıb. 

Ramiz Məmmədov mundiala inamlı start verib. Güləşçimiz 1/8 finalda macar rəqibinə elə ilk hissədə qalib gəlməyi bacarıb. Ancaq Ramiz 1/4 finalda iranlı həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə uduzub.

İslam Abbasov da 1/8 final mərhələsini rahat keçib. Güləşçimiz Yaponiya təmsilçisini ilk hissədə məğlub edib. Növbəti görüş isə ağır keçib. Bununla belə, Abbasov gürcü güləşçinin də öhdəsindən gələrək adını yarımfinala yazdırıb. Ancaq İslam finalın bir addımlığında ukraynalı həmkarıyla bacarmayıb. 

Güləşçimiz bu gün Misir təmsilçisi ilə bürünc medal görüşünə çıxıb. İlk hissəni 0:3 geridə başa vuran güləşçimiz ikinci hissədə əzmkarlıq nümayiş etdirib və sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirib. Beləliklə, sonuncu xal prinsipinə əsasən, İslam ötən il olduğu kimi, yenə U-23 dünya çempionatında bürünc medal qazanıb.

63 kq
1/4 final - Ramiz Məmmədov - Meysam Kərəməli Dalxani (İRİ) 4:5
1/8 final - Ramiz Məmmədov - Marton Yaş (HUN) 9:0

87 kq
Bürünc medal görüşü - İslam Abbasov - Məhəmməd Mustafa Metvalli (EGY) *3:3
1/2 final - İslam Abbasov - Semyon Novikov (UKR) 5:8
1/4 final - İslam Abbasov - Qurami Xetsuriani (GEO) 2:1
1/8 final - İslam Abbasov - Kanta Şiokava (JPN) 9:0