Güləş

Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşır - VİDEO

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir. 

Dsport.az xəbər verir ki, yığma komandalarımız bu dəfəki təlim-məşq toplanışını Türkiyədə keçir. Bu məqsədlə hər üç güləş növü üzrə yığmamızın üzvləri İstanbuldadır. 

Ayın əvvəlindən qonşu respublikaya yollanan Yunan-Roma yığmamızın iştirak etdiyi təlim-məşq toplanışında Türkiyə ilə yanaşı, Hindistan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Estoniya, Litva, Ukrayna və Moldova komandaları da hazırlıq keçir. Yığmamızın üzvləri 20-22 iyul tarixlərində İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 

Sərbəst və qadın güləşi üzrə yığmamızın üzvləri də ötən həftədən etibarən İstanbulda təlim-məşq toplanışına başlayıb. Sərbəst güləşçilərimiz Hindistan, Türkiyə, Belarus, Ukrayna və Tatarıstan komandaları ilə birgə hazırlıq keçir. Qadın güləşçilərin təlim-məşq toplanışında isə yığmamızla yanaşı Türkiyə və Hindistan komandaları da iştirak edir. Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz 27-29 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan  reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.