Güləş

Yığmamız DÇ-ni 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurdu

2-7 iyul 2018-ci il tarixdə Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə yeniyetmələrin Dünya çempionatı keçirilib.

Dsport.az xəbər verir ki, çempionatda iştirak edən yığma komandamızın üzvləri ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. 

İlk olaraq sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda yığmamız məşqçi Vahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıb və 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medal qazanıb. Məlumat üçün bildirək ki, Turan Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında beş idmançı ilə dünya çempionatına qatılan yeniyetmə qızlarımız çempionatı 1 gümüş medalla başa vurub. 43 kq-da mübarizə aparan Şahanə Nəzərova yalnız final görüşündə məğlub olaraq çempionatı ikinci sırada tamamlayıb. 

Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında 7 güləşçi ilə yarışa qatılan yunan-Roma yığmamız 1 gümüş və 3 bürünc medal qazanıb. Yalnız final görüşündə uduzan Sərxan Məmmədov (110 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) qazandırıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.