Güləş

Güləşçilərimiz Yakutiyadan 1 gümüş və 1 bürünc medalla qayıdır

Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 6-cı beynəlxalq turnir keçirilib. 

Dsport.az xəbər verir ki, turnirdə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurub.

Finala qədər bütün rəqiblərindən üstün olan Hacımurad Hacıyev (65 kq) həlledici görüşdə Monqolsutan təmsilçisinə uduzub və turnirin gümüş medalına yiyələnib.

Bürünc medalı isə yığmamıza Rəşad Yusifli (79 kq) qazandırıb. Həlledici görüşdə güləşçimiz Yunanıstan təmsilçisindən üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.