Güləş

Sərbəst güləşçilərimiz Olimpiya çempionunun xatirə turnirində yarışacaq

2-4 mart 2018-ci il tarixdə Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 6-cı beynəlxalq turnir keçiriləcək. Dsport.az xəbər verir ki, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq. 

Yığma komandanın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında turnirə İslam Bazarqanov (57 kq), Sübhan Muradov (61 kq), Hacımurad Hacıyev (65 kq), Abubakr Abakarov (74 kq) və Rəşad Yusifli (79 kq) yollanıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək. 

Turnirin proqramına əsasən, martın 2-də 57, 65, 74, 86, 97 kq, martın 3-də isə 61, 70, 79, 92, 125 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.