Güləş

Kiyev turnirinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə uğurla çıxış etmiş idmançılarımızla görüş keçirilib. Dsport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində (GİN) təşkil edilən görüşdə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Firdovsi Umudov, məşqçilər, idmançılar və media nümayəndələri iştirak ediblər.

GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov idmançılarımızın qazandıqları nəticələrin sevindirici olduğunu vurğulayıb. O, medal qazanan idmançılarımızı təbrik edib, gələcək karyeralarında daha böyük nəticələr qazanacaqlarına əminliyini bildirib.

F.Mansurov oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına idmançılarımızın ciddi hazırlaşmağının vacibliyini vurğulayıb.

AGF-in I vitse-prezidenti və sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Firdovsi Umudov idmançılarımzın nəticələrinin qənaətbəxş olduğunu qeyd edib: “Təqvim planımız çox sıxdır. Güləşçilərimizi Dünya Kuboku, Avropa çempionatı, Yeniyetmələrin Yay Olimpiya Oyunları gözləyir. İdmançılarımız Kiyevdə əzmkarlıq, kişilik göstərdilər. Belə də davam etmək lazımdır. Qazanılan qələbələr keçmişdə qaldı, irəli baxmalıyıq. Əlbəttə, səhvlər var və onları aradan qaldırmalıyıq. Kiyevdəki yarış Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı. Burada oturan idmançıların çoxu olimpiya, dünya və Avropa çempionatında medal qazananlardır. Xüsusən də gənclərimiz uğurlara “acdırlar”.

Güləşçilərdən erməni idmançı üzərində qələbə qazanan İslam Abbasov rəqibini məğlub edəcəyinə öncədən inandığını vurğulayıb: “Erməni ilə güləşəndə geridə olanda belə, uduzmayacağımı bilirdim. Düzdür, idmandır, amma məğlubiyyəti həzm edə bilməzdim. Sona qədər mübarizə apardım və qalib gəldim. Gələcəkdə də qələbələrimizi təkrarlamağa çalışacağıq”.

Yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Şaban Donat da idmançılarımızın qazandıqları uğurları yüksək qiymətləndirib. O, Avropa çempionatında daha da yaxşı çıxış etməyə çalışacaqlarını vurğulayıb. 

Üçqat dünya çempionu Hacı Əliyev isə qarşıdan gələn Avropa çempionatı haqqında danışıb: “İdmançı hazır olandan sonra istənilən yerdə özünü göstərir. Əlbəttə, Rusiya Avropa çempionatında ev sahibi olacağı üçün onlara dəstək daha çox olacaq. Lakin biz də yaxşı hazırlaşacaq və uğurlu nəticə əldə etmək üçün səfərbər olacağıq. Firdovsi müəllim bizim yanımızda həm federasiyanın vitse-prezidenti, həm də baş məşqçi kimi dayanır. Bu, bizim üçün bir üstünlükdür. Nə isə problem olanda bir dostumuz, böyük qardaşımız kimi ona müraciət edirik. Güləşçilərimiz hər zaman öz sözünü deyiblər, bundan sonra da belə olacaq”.