Güləş

Azərbaycan çempionatı keçiriləcək

Fevralın 20-21-də sərbəst və yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. 

Dsport.az xəbər verir ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilib. 

23 yanvarda Şamaxı Olimpiya İdman Kompleksində 3 saylı nümayəndəlik, 25-26 yanvarda Sabirabadda 4 saylı nümayəndəlik və 27-28 yanvarda 5 saylı nümayəndəlik üzrə seçim yarışları keçirilib.  28-30 yanvarda Hövsan Olimpiya İdman Kompleksində 1 saylı nümayəndəliyin, 31 yanvar-1 fevral tarixlərində isə Balakəndə 6 saylı nümayəndəliyin təsnifat yarışları keçirilib. Sumqayıtda 2 saylı və Gəncədə 7 saylı nümayəndəliyin seçim yarışları isə 2-3 fevralda baş tutub. 

Ümumilikdə, nümayəndəliklər üzrə Azərbaycan çempionatında iştiraka vəsiqə uğrunda keçirilən seçim yarışlarında 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək. Çempionatda ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.